"CanSat Azerbaijan" müsabiqəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə baş tutacaq “CANSAT Azerbaijan 2018” - yaradıcı fikirlərə əsaslanan model peyk müsabiqəsidir. NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu (AIAA), həmçinin kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il ABŞ-da keçirilən bu müsabiqə kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəldilmiş layihədir. 

2018-ci ildən etibarən Azərbaycanda da bu layihənin keçirilməsində məqsəd ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün bacarıq, vərdişlərin əldə edilməsidir.