“CanSat Azərbaycan 2018” müsabiqəsinin təlim mərhələsinə start verilib

Bakı, 12 fevral 2018 – Bugün "Azərkosmos" ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2018” müsabiqəsinin təlim mərhələsinə start verilib.

Azərbaycanda tələbələr arasında ilk dəfə keçirilən model peyk müsabiqəsində ölkənin 11 universitetindən 31 komanda qeydiyyatdan keçib.

Təlim müddətində hər bir komandanın üzvləri ilə müsabiqə çərçivəsində veriləcək tapşırıqlara dair müzakirələr aparılıb. Həmçinin, təlimçilər tərəfindən komandalara ümumi təlimatlar verilib və ortaya çıxan suallar cavablandırılıb.

Təlimlər 24 fevral 2018-ci il tarixinə kimi davam edəcək. Təlim və müzakirələr yekunlaşdıqdan sonra veriləcək tapşırıqlar əsasında komandalar hazırlayacağı peyk modellərinin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxış (CDR-Critical Design Review) hesabtlarını təşkilatçılara təqdim edəcək. Hesabatları uğurla hazırlayan komandalar müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Müsabiqə haqqında daha ətraflı cansat.az saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, “CanSat Azərbaycan 2018” müsabiqəsinin Azərbaycanda keçirilməsində əsas məqsəd ölkədə tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.